Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan məlumat verilib. Məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Sitalçay kənd sakini Oqtay Nəcəfov kənd ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, O.Nəcəfovdan sellofan torbada təmiz çəkisi 490 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı O.Nəcəfov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.