Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-dən Unikal.org-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
29 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu yaşıl rəngli Mersedes markalı 10-SU-801 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir. Yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılmışdır.
1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülmüşdür.
Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avtomobildəki digər şəxslər hadisə yerindən qaçmış, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılmış, müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurmuşdur.
Saxlanılan şəxslərin Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Həsənxanov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilməsinə, o cümlədən narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilmişdir.
Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildirmişlər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.