Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ödəmə aparatından və oyun zalından oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən oyun zalından ümumi dəyəri 1182 manat olan 3 ədəd “Playstation-3” aparatının, həmin aparatlara aid pultların və 1 ədəd qəlyanın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Masallı sakini Yalçın Həşimov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisindəki ödəmə aparatlarından birini balta ilə sındıraraq içərisindən 465 manat pul oğurlayan Kamran Xammədov saxlanılıb. Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik vasitə heroin və oğurladığı pulların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.