Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.

Sumqayıt şəhər prokurorluğundan Unikal.org-a verilən məlumata görə, fevralın 4-də saat 20 radələrində, paytaxtın Qaradağ rayonu, Müşviqabad qəsəbəsi sakini, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quluyevin sərxoş vəziyyətdə idarə etdiyi “Daewo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla işarəsinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Ceyhun Quluyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.