Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən vətəndaş, əvvəllər məhkum olunmuş Canbaxış Əliyev tutulub.

Onun üzərinə baxış zamanı 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Canbaxış Əliyevin Ramana qəsəbəsində yaşadığı evin həyətindəki istixanaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nə göndərilib, istintaq tədbirləri davam etdirilir.