Qətərdə keçirilən klublararası dünya çempionatında ikinci finalçı müəyyənləşib.
Unikal.org xəbər verir ki, Almaniyanın “Bavariya” klubu turnirdəki ilk matçını Misir təmsilçisi “Əl-Əhli”yə qarşı keçirib.
Ər-Rayyanda baş tutan qarşılaşmada rəqibini məğlubiyyətə uğradan Avropa komandası finala yüksəlib. “Əl-Əhli” bürünc medal uğrunda “Palmeyras”la (Braziliya) üz-üzə gələcəksə, “Bavariya”nın həlledici görüşdəki rəqibi Meksika klubu “Tiqres” olacaq. Hər iki oyun fevralın 11-də baş tutacaq.
Qeyd edək ki, “Tiqres” tarixində ilk dəfə klublararası dünya çempionatının finalında iştirak edəcək. “Bavariya” isə ikinci dəfə qatılacağı yarışı yenə qalib tamamlamağa çalışacaq. Almanlar 2013-cü ildə bu kuboku muzeyinə aparıb.