Xızıda ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, 28 oktyabr 2020-ci il tarixində naməlum şəraitdə Xızı rayonu Giləzi qəsəbəsi ərazisində texniki nasazlıq səbəbindən yol kənarında saxlanılmış “İTM- İstehsalat Tikinti Mexanizasiya MMC”ə məxsus HOWO markalı yük avtomobilinin ümumi dəyəri 1600 manat olan 4 ədəd təkər komplektinin oğurlanması barədə Xızı RPŞ-nə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni rayonun Giləzi qəsəbə sakini Alxas Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yük avtomobilindən oğurluq yolu ilə əldə etdiyi təkərlərin ikisi, eləcə də oğurluq zamanı istifadə etdiyi alətlərin yeri də müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
A.Məmmədov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.