Fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Sabunçu rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir