Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Vüsal Həşimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 015 qram olan narkotik vasitə heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Vüsal Həşimov şəxsiyyəti istintaqa məlum olmayan tanışlarından biri ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin tanışının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş. V.Həşimov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. V.Həşimov tutularaq istintaqa cəlb olunub. Aşkar edilən külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə paytaxt ərazisində nəqliyyat vasitələrinin yan güzgülərini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Süleymanov və Şahmar Əlicanov saxlanılıblar. Araşdırma zamanı onların əsasən “Mersedes” markalı avtomobillərin yan güzgülərini oğurlayaraq dəyər-dəyməzinə satdıqları məlum olub. R. Süleymanov və Ş.Əlicanov ifadələrində Yasamal rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də oxşar oğurluqlar etdiklərini bildiriblər.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.