Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ölkələr arasında koronavirus peyvəndlərinin daha ədalətli paylanmasının təmin edilməsi üçün dövlətləri qlobal koronavirus peyvəndləmə planı yaratmağa çağırıb.
Unikal.org “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT Baş katibi bildirib ki, G20 üzvləri tərəfindən təşkil edilən işçi qrupu bu planı inkişaf etdirə bilər.
“Yalnız on ölkə bütün COVID-19 peyvəndlərinin 75 faizindən istifadə edib. 130-dan çox ölkə bir dəfə də olsun peyvənd dozası almayıb”, - deyə BMT Baş katibi bildirib.
Onun sözlərinə görə, hər kəsin ən qısa müddətdə peyvənd olunması üçün addım atılmalıdır, lakin peyvəndləmə ilə əlaqədar irəliləyiş son dərəcə qeyri-bərabər və ədalətsizdir.
A. Quterreş qeyd edib ki, xüsusilə də silahlı münaqişələrin təsirinə məruz qalanlar peyvəndləmədən kənarda qalma riski ilə üzləşirlər.
BMT Baş katibi peyvəndlərin orta və aşağı gəlirli ölkələrə ədalətli paylanması üçün artıq COVAX mexanizminin mövcud olduğunu xatırladıb: “COVAX tam maliyyələşdirmə tələb edir. Biz daha çox iş görməliyik. Lazım olan elmi təcrübə, istehsal və maliyyə imkanlarını təqdim etmək üçün dünyanın təcili olaraq qlobal peyvəndləmə planına ehtiyacı var. G20-nin belə bir qlobal peyvəndləmə planının hazırlanması, onun tətbiqi və maliyyələşdirilməsinin koordinasiyası üçün təcili işçi qrupu yaratmaq iqtidarında olduğuna inanıram”.
A. Quterreş vurğulayıb ki, bu işçi qrupu əczaçılıq şirkətlərini və logistika sahəsindəki əsas oyunçuları bu prosesə cəlb edə biləcək: “Bu səyləri dəstəkləmək üçün BMT-nin bütün sistemini səfərbər etməyə hazıram. Bu həftənin sonunda keçiriləcək G7 toplantısı lazımi maliyyə qaynaqlarını cəlb etmək üçün imkan yarada bilər. Biz birlikdə kifayət qədər tədarük, ədalətli paylamanı təmin edə bilərik”.