Bakı və Abşeronda 80 evdən oğurluq etməkdə təqsirləndirilən Elçin Əhmədov və Yusif Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Abşeron rayon Məhkəməsinə göndərilən iş hakim Şövkət Nəcəfovanın icraatına verilib.
Qeyd edək ki, keçən ilin avqust ayında Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar.
Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb.
Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.
Famil Fərhadoğlu