Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Bahadur Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı qonşusu ahıl yaşlı qadının evinə daxil olub.
Orada yataq xəstəsi olan qadının sərbəst hərəkət edə bilməməsindən istifadə edərək mənzildə olan dəyəri 550 manat olan “Samsung” markalı mobil telefonunu soyğunçuluq edərək ələ keçirib. Polis əməkdaşları tərəfindən saxlanılan Bahadur Ağayev etdiyi cinayəti etiraf edib.
Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir.
Bahadur Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.