Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.
Unikal.org xəbər verir ki, sənədə əsasən, tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədi ilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcəklər.
“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.
“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək. Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökümətlərarası saziş bağlanacaq.
Hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə tərəflər birgə işçi qrup yaradırlar. Birgə işçi qrupunun tərkibinə daxil olacaq tərəflərin nümayəndələri barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar. Birgə işçi qrupu mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaq.
Müzakirələrdən sonra Anlaşma Memorandumu təsdiq edilib.