Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
C.Bayramov qarşı tərəfi səmimiyyətlə salamlayıb, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla qeyd edib.
Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Sərhəd İşlər Təşkilatının səfəri çərçivəsində keçirdiyi görüşlərin və işğaldan azad olunmuş ərazilərə baş çəkmələrinin bölgədəki vəziyyətlə yaxından tanış olmaq üçün əlverişli imkan yaratdığı qeyd olunub. Ümumilikdə bu səfərin faydalı olacağı və ölkələrimiz arasında inkişaf edən əlaqələrə müsbət töhfə verəcəyinə inam ifadə edilib.
Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar öz növbəsində, səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib və Azərbaycan dövləti və xalqını Qələbə münasibətilə bir daha təbrik edib. O, işğaldan azad olunmuş məntəqələrə səfərləri çərçivəsində bu ərazilərdə törədilmiş dağıntıların miqyasının şahidi olduqlarını təəssüflə qeyd edərək, buna rəğmən, ərazilərin Azərbaycanın nəzarətinə qayıtmasından böyük fəxr hiss etdiklərini vurğulayıb.
Qarşı tərəf cari səfəri olduqca məhsuldar qiymətləndirib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.