“Türkiyədən olan şirkətlər artıq bizim layihələrimizdə yer alıblar”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədir: “Eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin ərazidən keçir. Orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Bununla paralel olaraq bildiyiniz kimi, Türkiyə şirkətləri Azərbaycanda bundan əvvəl də fəal idi. Dövlət xətti ilə icra edilən layihələrdə ən çox yer alan Türkiyə şirkətləridir. Dəqiq rəqəmlər xatırlamıram, amma hardasa 10 milyard dollardan çox dəyəri olan layihələrdə, Türkiyə şirkətləri müxtəlif inşaat layihələrində Azərbaycanda iştirak ediblər, Bakıda və bir çox başqa yerlərdə. Təbii olaraq ilk kontraktları imzalayan da Türkiyə şirkətləri olub”.
Prezident bildirib ki, görüləcək işlərin həcmi çox böyükdür: “Ona görə də artıq bu barədə əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla da dəfələrlə danışmışam. Biz bütün bu işləri birgə edəcəyik. Türkiyə şirkətlərinin burdakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Xüsusilə nəzərə alsaq ki, inşaatda, infrastruktur işlərində və digər sahələrdə, tikinti sahəsində türk şirkətlərinin çox böyük təcrübəsi var.