Hindistan hakimiyyəti "Telegram" mesajlaşma tətbiqini ölkədə 22 iyun tarixinə qədər bloklayıb.
"Unikal" xəbər verir ki, məhdudiyyətlər hökumətə "Hindistanın suverenliyi naminə" veb saytlara və tətbiqlərə girişi bloklamaq hüququ verən qanuna uyğundur.
Hindistan Təhsil Nazirliyinin məlumatına görə, fırıldaqçılar "Telegram"dan istifadə edərək tibb kolleclərinə qəbul olmaq üçün Milli Qəbul İmtahanı (NEET) verməyi planlaşdıran abituriyentləri aldadıblar.
Hindistan hökuməti messencerin bloklanmasının müvəqqəti olduğunu bildirib.
NEET Hindistanda tibb kolleclərinə qəbul üçün əsas imtahandır. Mayın 3-də baş tutan imtahanda ölkə üzrə təxminən 2,28 milyon insan iştirak edib. Bir neçə gün sonra imtahandan əvvəl sual vərəqlərinin sızdırıldığı barədə məlumatlar ortaya çıxıb. Bu, valideynlərin və abituriyentlərin qəzəbinə və etirazlarına səbəb olub.
İmtahanın keçirilməsinə məsul olan Milli Test Agentliyi onun nəticələrini etibarsız elan edib. Yeni imtahan iyunun 22-nə təyin edilib.




















































