Martın 1-i saat 10 radələrində Zərdab rayon ərazisində 1968-ci il təvəllüdlü İsrəfilova Rəhilə Şahvələd qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Unikal.org-a Zərdab Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
13:53
Zərdabda kişi arvadını qətlə yetirib.
Unikal.org xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.(apa)