Bərdə rayonunda cinayətkarlığa qarşı tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif cinayətlər törədən şəxslər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, Bərdə rayon sakini Y. Məmmədov DİN-in “102 - Zəng Mərkəzi”nə və RPŞ-yə müraciət edərək ona məxsus “VAZ-21723” markalı avtomobilin rayon ərazisindən oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar olaraq polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində özgəsinə məxsus avtomobili qaçıran şəxsin Bərdə rayon sakini Səməd Bayramov olduğu müəyyən edilib. S. Bayramov Mingəçevir şəhəri ərazisində avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.
Bərdə RPŞ-nin keçirdiyi digər tədbirlərlə Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinin tövləsindən oğurluq edən şəxs də saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elgiz Musayev olduğu müəyyən edilib və 1 baş iribuynuzlu heyvan oğurlamaqla həmkəndlisinə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.
Həyata keçirilmiş digər tədbirlərlə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Elçin Sadıqov saxlanılıb. Araşdırmalarla onun dələduzluq edərək vətəndaşlara 1000 manatdan artıq ziyan vurduğu bəlli olub.
Bundan əlavə keçirilən tədbirlərlə daha bir dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Kəlbəcər rayon sakini Qoşqar Rəhimovun yeri müəyyən edilərək aidiyyatı üzrə təhvil verilib.
Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində fevral ayının 28-də itkin düşmüş şəxs tapılıb. Belə ki, Bərdə rayon sakini Y. R tapılaraq yaxınlarına təhvil verilib.