Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R. Əliyev və Abşeron rayon sakini Q. Əliyev sonuncunun idarə etdiyi “Nexia” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobilə keçirilən baxış zamanı oradan R. Əliyeva məxsus ayrı-ayrı bağlamalarda ümumi çəkisi 4 kiloqram 670 qram narkotik vasitə heroin, 270 qram psixotrop maddə metamfetamin və 2 kiloqram 870 qram həşiş qətranı aşkarlanaraq götürülüb. R. Əliyevin həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.