Bakıda oğurluq hadisəsi olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Emil Məlikli saxlanılıb.

Onun Səbail rayonunda iki binanın saxlanc yerindən məişət əşyaları, bir nəqliyyat vasitəsinin yan güzgüsünü və 3 nəfərin evindən geyim əşyaları oğurladığı məlum olub.

E.Məliklinin zərərçəkən şəxslərə ümumilikdə 3 000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon ərazisində yerləşən “Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan paytaxt sakini Azər Məmmədov saxlanılıb.

Onun müxtəlif vaxtlarda həmin parkda uzunluğu 900 metr dəyəri 2500-300 manat olan elektrik kabellərini oğurladığı məlum olub.

A.Məmmədov əldə etdiyi kabelləri yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrindən birinə satıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.