Astara Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Rayon prokurorluğundan Unikal.org-a daxil olan açıqlamada deyilir:
Martın 10-da saat 19 radələrində Astara rayonu, Şəmətük kəndində kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əmisi oğlu Ağayev Famil Qəyim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.