Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində binaların girişlərində quraşdırılan internet provayderlərindən birinə məxsus optik paylayıcı avadanlıqları oğurlayan paytaxt sakini Zaur Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirlliyi (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı onun rayon ərazisində ayrı-ayrı binalardan hər birinin qiyməti 520 manat olan 5 ədəd optik internet paylayıcı qurğu oğurlayıb satdığı məlum olub.
Həmçinin saxlanılan şəxsin Yasamal rayonunda daha bir yaşayış kompleksinin liftlərindən elektrik lampaları oğurladığı da müəyyən edilib.
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə binaların girişlərində saxlanılan velosipedləri oğurlayan paytaxt sakini Sərxan Muğbilov saxlanılıb. Araşdırma zamanı onun 2 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. S.Muğbilovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Hər iki faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Z. Məmmədov və S.Muğbilovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.