QHT-lər "qapıda" çoxmu qalacaq?
QHT-lər "qapıda" çoxmu qalacaq?

Ölkədəki qeyri-hökumət təşkilatları (QHT) tədricən vətəndaş cəmiyyətinin mühüm strukturlarına çevrilməkdədir. Amma bununla yanaşı QHT-lərin daha geniş şəkildə intişar tapmasına mane olan bir sıra amillər mövcuddur. Bu amillərdən ən xoşagəlməzi sözügedən qurumların dövlət qeydiyyatından keçməsidir.

Ekspertlərin fikrincə, bu süni yubadılmanın bir sıra səbəbləri var. Səbəblərdən ən qabarığı - məmurların fəal cəmiyyətdən ehtiyatlanmasıdır. Yəni indiki məmurlara aktiv və düşünən cəmiyyət deyil, pərakəndəlik daha çox sərf edir.
Dövlət qeydiyyatından keçməmiş QHT rəhbərlərinin sözlərinə görə, başçılıq etdikləri qurumları qeydə almaqdan imtina edən məmurlar olduqca gülünc və bir çox hallarda isə gülünc, gülünc olduğu qədər də əsassız bəhanələr irəli sürürlər.
"Nizamnamənin filan bəndi bu cür yazılmalıdır", "Nizamnamədəki bəndlərin yeri dəyişdirilməlidir" və s. və i. a.
Məmurların belə özbaşınalıqlarından şikayət etməyə instansiya da yoxdur. Məhkəmələr bu tipli şikayətləri, adətən, qəbul etmirlər. (Həm də Azərbaycan gerçəkliyində haçan və harada görünüb ki, adi bir vətəndaşın Ədliyyə Nazirliyi barədə məhkəmədə qaldırdığı iddiası təmin edilsin?)
Bu münvalla dövlət qeydiyyatından keçmək üçün 7-8 dəfə müraciət edən QHT-lərin sənədləri hər dəfə bir "quş" qoyulmaqla geri qaytarılır.
Hər necə olsa da, deyəsən, hökumət rəsmiləri QHT-lərin uzun müddət oyundankənar durumda saxlamağın mümkünsüzlüyünü anlayırlar.
Belə ki Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki,
"Müvafiq dövlət qurumları QHT-lərin qeydiyyatı ilə bağlı fəaliyyətlərini təkmilləşdirməlidir".
O hesab edir ki, QHT-lərin qeydiyyatı ilə bağlı müddətin azaldılması məsələsinə baxmaq olar. Quliyevin sözlərinə görə, QHT-lərin qeydiyyatı təkcə Bakıda yox, Ədliyyə Nazirliyinin regionlardakı bölmələrində də aparıla bilər.
Sədr qeyd edib ki, Şura illik maliyyə dövriyyəsi 10 min manatdan az olan QHT-lərin maliyyə hesabatından azad edilməsi üçün Maliyyə Nazirliyinə müraciət edib. Nazirlik məsələyə müsbət yanaşıb və bu istiqamətdə iş gedir.
Quliyev martdan etibarən Şuranın QHT-lərin hesabatlarını elektron qaydada qəbul edəcəyini də açıqlayıb. O bildirib ki, növbəti müsabiqə zamanı Şura layihələri də elektron formada qəbul edəcək. Sədr keçən il Şuraya 735 layihənin təqdim olunduğunu, 348 layihəyə maliyyə dəstəyinin verildiyini bildirib. Bu məqsədlə 2 milyon 31 min manat ayrılıb.
QHT Əməkdaşlıq Alyansının baş katibi Xanoğlan Əhmədovun "Unikal"a bildirdiyinə görə, "QHT-lərin dövlət qeydiyyatından keçirilməsinin süni şəkildə yubadılması bizim qurumda dəfələrlə müzakirə edilib və biz qurum olaraq nəhayət, bu problemlə bağlı öz təkliflərimizi müfaviq qurumlara yazılı şəkildə göndərmişik. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından söz veriblər ki, təkliflərimiz nəzərdən keçiriləcək və mütləq nəzərə alınacaq. Mənə elə gəlir ki, yaxın aylarda bu istiqamətdə dəyişikliklər olmalıdır".
Xanoğlan Əhmədovun sözlərinə görə, "Şuraya ünvanlanmış təkliflər içində cəmiyyətdə QHT-lərin rolunun yüksəldilməsini nəzərdə tutan ideyalar da yer alıb. Bu məqam bizi çox narahat edir. Çünki Azərbaycan cəmiyyətində QHT-lərin statusu və fəaliyyəti prinsipləri ilə bağlı aydın təsəvvürlər yox dərəcəsindədir. Sıravi vətəndaşlar bu qurumlar haqqında aydın təsəvvürə malik olmaya bilərlər. Lakin dövlət məmuru "QHT" ifadəsini eşidəndə şəkklənirsə, deməli, hələ görülməli işlər çoxdur".
Şakir