"Bütün bu pandemiya və sair ilə bağlı hadisələr fonunda bizim görüşümüz, ola bilsin, müəyyən dərəcədə refren kimi səslənəcək. Lakin həqiqi dostlar vaxtında həyata keçirilməli olacaq tədbirləri ləngitmirlər. Biz də belə edirik və heç bir pandemiya buna mane ola bilməz".
Unikal.org-un xəbərinə görə, bunu aprelin 14-də ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı deyib.
"Siz çox düzgün dediniz ki, bizim siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlərimiz olduqca çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir. Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir.
Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur. Ümumiyyətlə, Siz Prezident vəzifəsinə gələnə qədər belə hallar olmayıb. Ona görə də, bu, dinamika baxımından yaxşı nəticədir", - Belarus prezidenti bildirib.