“Kapital Bank” və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb.
Bankdan Unikal.org-a verilən məlumata görə, layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Ağacəkmə layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib. Adıçəkilən rayonlarda müvafiq olaraq 160 və 144 ağac əkilib. Tədbirdə “Kapital Bank”ın əməkdaşları, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.
“Vətən Bağı” insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunub. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları, “Kapital Bank” və “Qırmızı Ürəklər” Xeyriyyə Fondu tərəfindən həyata keçiriləcək. Ağacların əkilməsi mövsümü zamanı digər rayonlarda da analoji aksiyalar təşkil olunacaq.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. Üzvlərinin əksəriyyəti, “Kapital Bank”ın könüllü əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.