Ötən ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 1,34 milyondan çox istifadəçi qeydə alınıb.
Bu barədə Unikal.org-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məıumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 111 792 çek üzrə 60 192 462 manat ƏDV məbləği geri qaytarılıb.
“2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” ASC-lərin maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.