Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir.
Unikal.org xəbər verir ki, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.
Bildiyiniz kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. O bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Gözləyirik, yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək".