“Əgər BMT-nin mövqeyindən danışsaq, soyqırımı faktı müvafiq məhkəmə instansiyası tərəfindən təsdiq edilməlidir”.
Unikal.org TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın qondarma erməni soyqırımını tanıması planları barədə jurnalistlərin sualına cavabında BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik deyib.
O, ötən əsrin əvvəllərində Osmanlı imperiyasında cərəyan edən hadisələri şərh etmək istəmədiyini, bunun BMT-nin yaranmasından xeyli əvvəl baş verdiyini söyləyib.
Xatırladaq ki, “The Wall Street Journal” nəşri ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımağı planlaşdırdığı barədə məlumat yayıb. Nəşrin yazdığına görə, Bayden bu il səsləndirəcəyi müraciətində 1915-ci ildə baş verən hadisələri “soyqırımı” adlandıracaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə buna cavab olaraq bəyan edib ki, Baydenin soyqırımına dair mümkün bəyanatı iki ölkənin münasibətlərinə xələl gətirə bilər.