Sünik (Zəngəzur) vilayətində baş nazir Nikol Paşinyanın səfərinə etiraz edən 19 nəfərə cinayət işi açılıb. Onlar xuliqanlıq və ictimai asayişi pozmaqda ittiham edilirlər.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
“Əldə edilmiş dəlillər əsasında 19 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 9-u Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddənin 3-cü bəndi (xuliqanlıq), 10 nəfər 258-ci maddənin 1-ci bəndi (ictimai asayişi pozan kütləvi tədbirlərin təşkili) ilə ittiham olunub. İstintaq 8 nəfərə qarşı həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri yerli sakinlər tərəfindən etirazla qarşılanıb. Bir qrup sakin baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum edib. Bundan sonra Paşinyanın tapşırığı əsasında etirazçılar və aksiyaları təşkil edənlərin həbsinə başlanılıb.