Ermənistanda prezident seçkiləri öncəsi terror baş verdi
Ermənistanda prezident seçkiləri öncəsi terror baş verdi

Ermənistanda bu yaxınlarda keçirilməsi planlaşdırılan prezident seçkiləri yaxınlaşdıqca ölkədə vəziyyət tədricən gərginləşməyə başlayır.

Oxucuların yadına salaq ki, bu ölkədəki seçkilər yenə də Qərb dövlətləri ilə Rusiyanın qarşıdurma poliqonuna çevrilib. Hələ ki təbliğat və təşviqat səviyyəsində...
Ermənistan dövlət müstəqilliyini elan edəndən bəri sıxı şəkildə Rusiyanın maraq dairəsinə daxil olub və şimallı qonşumuz onu öz ağuşundan buraxmaq niyyətində deyil. Ölkənin qaz təchizatı sisteminin tamamilə Rusiyaya məxsus QAZPROM-un əlində olması, Ermənistandakı rus hərbi bazasının dislokasiya müddətinin daha 49 il uzadılması Rusiyanın bu ölkədə uzunmüddətli qalmaq niyyətindən xəbər verir.
Ekspertlərin də qeyd etdiyi kimi, Rusiyanın bu profilaktik tədbirləri birinci növbədə qardaş Türkiyəyə və Azərbaycana doğru yönəlib.
Lakin Qərb dövlətləri, xüsusən də Birləşmiş Ştatlar müxtəlif şirnikdirici üsullarla Ermənistanı Rusiyanın ağuşundan düşürmək istəyirlər. Bu şirnikləndirici üsullara birdəfəlik maliyyə yardımlarını, Dağlıq Qrabağ münaqişəsinin həlli prosesində Ermənistana dolayı yollarla verilən dəstəyi daha çox aid etmək olar.
Qərbdə çox yaxşı anlayırlar ki, Rusiyanın Ermənistan adlı forpostdan məhrum edilməsi olduqca mühüm strateji uğur ola bilər, Ona görə də mümkün qədər bu forpostu laxlatmağa çalışırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, bu ölkədəki prezident seçkiləri bu iki cəbhə arasında özünəməxsus sınaq cəhdinə çevrilməkdədir.
Və budur, ilk xəbər... Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olub. Ermənistan parlamentinin sədri Ovik Abramyan bu hadisə ilə əlaqədar prezident seçkilərinin vaxtının dəyişdirilə biləcəyini istisna etməyib.
Prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd ötən axşam baş verib. Erməni mətbuatı xəbər verir ki, P.Ayrikyana iki dəfə atəş açılıb, o, çiynindən güllə yarası alıb. Paytaxt İrəvanda baş verən hadisəni polis araşdırır.
Parlamentin sədri Ovik Abramyan deyib ki, Paruyr Ayrikyana qarşı sui-qəsd Ermənistan dövlətçiliyinə qarşı cinayətdir. Spiker ümidvar olduğunu bildirib ki, hüquq-mühafizə orqanları qısa müddət ərzində cinayətin üstünü aça biləcəklər.
Spiker deyib ki, Paruyr Ayrikyanla özü danışıb və onun vəziyyəti normaldır. Prezidentliyə namizəd spikerə deyib ki, ona iki dəfə atəş açılıb.
Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyanın vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Ermənistan konstitusiyasına görə, prezidentliyə namizədlərdən biri keçilməz maneə ilə qarşılaşdıqda seçkilər iki həftəliyə təxirə salınır. Bu vaxta qədər maneə aradan qaldırılmasa, yeni seçkilər təyin edilir, səsvermə isə iki həftəlik müddət tamam olandan 40 gün sonra keçirilir.
Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sərkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Hrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.
Tanınmış politoloq Qabil Hüseynlinin "Unikal"a bildirdiyinə görə, "Sözügedən terror aktını bir neçə müstəvidə və bir neçə səbəb baxımından təhlil etmək olar və bu bağlılıqların hamısı həqiqətə yaxın ola bilər. Bu başdan deyim ki, hazırda Ermənistanda Qarabağ erməniləri ilə yerli ermənilər arasında kəskin ixtilaf mövcuddur və yerli ermənilər hesab edirlər ki, Qarabağ erməniləri artıq uzun illər ərzində Ermənistanda hakimiyyəti zəbt ediblər və Ermənistanı talamaqla məşğuldurlar. Məlum olduğu kimi, Serj Sərkisyan Qarabağ klanının nümayəndəsidir Paruyr Ayrikyan isə seçkiqabağı təbliğat kampaniyasında "qarabağlı-yerli" motivindən bəhrələnirdi. Ola bilsin ki, onun bu təbliğat xətti indiki prezidenti möhkəm narahat etdiyindən müəyyən addımlar atmağa məcbur olub".
Politoloqun sözlərinə görə, "Ayrikyan Sərkisyanın Rusiyayönlü siyasətini qəbul etmirdi və bu istiqamətdə kəskin şəkildə çıxışlar edirdi. Bu amil də teraktın gerçəkləşməsində müəyyən rol oynaya bilər. Üçüncü mühüm amil isə bundan ibarətdir ki, Aurikyan prezidentliyə digər namizədlərə təklif etmişdi ki, hamısı bir nəfər kimi namizədliyini geri götürsün və Sərkisyan meydanda tək qalsın. Ayrikyan hesab edirdi ki, bu üsulla da Sərkisyanın saxta yollarla prezident seçiləcəyini sübut etmək və bunu bütün dünyaya bir daha nümayiş etdirmək mümkündür".

Şakir