Almaniyanın Yaponiyadakı səfiri Petra Ziqmundun Rusiyanın cənubi Kuril adaları üzərində suverenliyini şübhə altına alan açıqlamaları ilə əlaqədar Almaniyanın Moskvadakı səfirliyinə sərt etiraz edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Almaniyanın Yaponiyadakı səfiri Petra Ziqmundun iyulun 25-də Rusiyanın Kuril adaları üzərində suverenliyini və yurisdiksiyasını şübhə altına alan və bununla da ərazisinə açıq-aşkar təcavüz edən qəbuledilməz bəyanatları ilə əlaqədar Almaniyanın Moskvadakı səfirliyinə sərt etiraz edilib”, - məlumatda bildirilir. 

Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, cənubi Kuril adaları Müttəfiq dövlətlərin müharibədən sonrakı razılaşmalarında, habelə BMT Nizamnaməsində təsbit edildiyi kimi, İkinci Dünya Müharibəsinin nəticələrinə görə hüquqi əsaslarla Rusiyaya verilib.