“Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk”
Unikal.org xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Onun sözlərinə görə, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır:
“Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik. Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır.
Biz bunu mümkün edəcək şəraitin yaradılmasına kömək etməyə hazırıq. Kömək etməyə hazır olan başqa beynəlxalq təşkilatlar da var. Təbii ki, biz bununla əlaqədar razılaşmalarda maraqlı tərəflərin mövqeyini nəzərə almalıyıq. Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var.
Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin”.