“Dünən Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdi, çox geniş müzakirə keçirildi, ölkələr arasında bir çox məsələlərə aydınlıq gətirildi”.
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı S. Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, regional məsələlər bugünkü görüşdə də müzakirə edilib: “Biz iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planını müzakirə etdik. Bu gün biz eyni zamanda, əməkdaşlıq və təhlükəsizlik məsələləri barəsində də fikir mübadiləsi apardıq. Bizim ölkələr bir sıra tranzit xətlərin keçdiyi yerdir. Yaxşı xəbərlərdən biri odur ki, ağır keçən 2020-ci ildə bu tranzit xətləri nəinki azalıb, hətta artıb. Bu gün müzakirələr zamanı da qeyd olundu ki, koronavirusla çox yüksək səviyyədə mübarizə apardıq. Bizim müvafiq strukturlarımızın qarşılıqlı əməkdaşlığı, bu dövr ərzində yükdaşımaların dayanmaması da bizim yaxşı münasibətlərimizə dəlalət edir. Ənənəvi olaraq Rusiya və Azərbaycan arasında münasibətlərində təhsil, mədəniyyət, idman sahələri əhəmiyyət daşıyır. Bizim beynəlxalq sahədə əməkdaşlıqda da çox böyük təcrübəmiz var”.