İsrail Xarici İşlər Nazirliyi Fələstinlə qarşıdurma ilə bağlı açıqlama yayıb.
Unikal.org-un xəbərinə görə, məlumatda bildirilib ki, HƏMAS və Qəzza zolağında Fələstinə məxsus digər təşkilatlar 10 may günorta saatlarından etibarən İsrail ərazilərinə intensiv raket atəşi edir, yalnız mülki hədəfləri və yaşayış yerlərini hədəf almağa çalışır.
Qeyd olunub ki, İsrailin cənubundakı Aşkelon və Sderot şəhərləri ilə yanaşı Qəzza zolağının sərhədindəki kəndlər, həmçinin Qüdsə yeddi raket atılıb.
“İsrail öz vətəndaşlarını qorumaq və terror təşkilatlarının İsrail mülki vətəndaşlarına hücum etməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görəcək.
Vətəndaşlarını qorumaq hər bir dövlətin haqqı və vəzifəsidir və İsrail indi bunu edir və etməyə davam edəcəkdir.
Beynəlxalq ictimaiyyəti İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını mümkün qədər sərt şəkildə qınamağa və İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.