BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə II Beynəlxalq Çay Günü ilə əlaqədar onlayn konfrans keçirilib. Konfransda çay istehsalı ilə məşğul olan aparıcı ölkələrin kənd təsərrüfatı nazirləri, aqrar sahədə fəaliyyət göstərən ekspert və mütəxəssislər iştirak edib.
Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov təmsil edib.
Açılış nitqində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru QU Dongyu dünyada çayçılığın mövcud vəziyyəti, bu sahənin iqtisadi əhəmiyyəti və potensial imkanları barədə məlumat verib. FAO-nun Baş Direktoru Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində irəliləyişlərə nail olunması, müasir dayanıqlı kənd təsərrüfatının və onun inkişafının təşviq edilməsi üçün ölkələrarası əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda çayçılığın inkişafı və bu sahədə həyata keçirilən dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bu sektorun məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artırılmasında vacib rol oynadığını qeyd edib.
Çay istehsalı ilə məşğul olan aparıcı ölkələrin FAO-nun Çayçılıq üzrə Hökumətlərarası Qrupu daxilində əməkdaşlığının genişləndirməsinin vacib olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın kənd təsərrüfatı müasir rəqəmsal kənd təsərrüfatına çevrilmək mərhələsindədir. Bildirilib ki, bu ilin noyabr ayında Azərbaycan tərəfi FAO-nun tərəfdaşlığı ilə Beynəlxalq Rəqəmsal Kənd Təsərrüfatı Konfransı təşkil etməyi planlaşdırır.
Daha sonra konfrans işini panel müzakirələrlə davam etdirib. Konfransda pandemiya riskləri ilə mübarizə tədbirləri əsas müzakirə mövzusu olub. Tədbir iştirakçıları COVID-19 pandemiyasının çayçılığın inkişafına təsiri, postpandemiya dövründə bu sahənin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin, konfransda aqrar sahənin iqlim dəyişikliklərinə uyğunlaşması, keyfiyyətli məhsulun yetişdirilməsi və məhsuldarlığın artırılması, çayçılıq sahəsində dəyər zəncirinin qurulması, bu sektorun yoxsulluğun azaldılmasında rolu ilə bağlı da fikir mübadiləsi aparılıb.