Ermənistanın ən tirajlı media qurumlarından biri olan “Hayastani Anrapetutyun” qəzeti erməni alim, Elmi Təqiqat İnstitutunun direktoru Avetik Arutyunyanla geniş müsahibə dərc edib. Bu alim sərhədlərin dəqiqləşdirilməsi məsələsinə qarşı çıxaraq, “güclü” bir arqument irəli sürüb. Deyir ki, indiki Azərbaycan Respublikasının Azərbaycan SSR-ə aidiyyəti yoxdur, Sovet Azərbaycanının hüquqi varisi deyil – çünki 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpası haqındakı Konstitutsiya Aktına görə, Azərbaycan 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-nə qədər mövcud olmuş ADR-in hüquqi varisidir, deməli, Sovet Azərbaycanının sərhədləri indiki Azərbaycana aid deyil, biz (Ermənistan) bu sərhədləri tanımamalıyıq!

Unikal.org xəbər verir ki, bu sözləri REAL üzvü Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu alimin sözləri ilə tamamilə razıdır:

“Onu dərhal Bakıya dəvət etməli, tezislərindən yararlanmalıyıq. Çünki o, tamamilə haqlıdır. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycanın Cümhuriyyət dönəmindəki rəsmi ərazisi 113.900 kv/km olub. AXC-nin sərhədləri daxilinə Zəngəzur mahalı daxil idi, qərb sərhədi Göyçə gölünün tam ortasından keçirdi. Əgər Ermənistan Azərbaycan SSR-in sərhədlərini tanımırlarsa, ADR-in sərhədləri üzərindən danışıqlara başlaya bilərik”.

Natiq Cəfərli həmçinin qeyd edib ki, bu müsahibə Ermənistanda ciddi, dərin emosional və intellektual böhran olduğunu sübut edir:

“Ermənilər özləri öz tezislərinin əsirinə çevrilərək, dolaşığa düşüblər. Biz isə sülh istəyirik, əməkdaşlıq istəyirik, sərhədlərin toxunulmazlığını, qarşılıqlı ərazi bütüvlüyünün tanınmasını istəyirik. Sülh quruculuğu regionumuz üçün vacibdir, önəmlidir, həm Ermənistan, həm də Azərbaycan üçün inkişaf və rifaha gedən yoldur”.