Medianın ötən ilki hüquqi durumu açıqlandı
10:12 06-02-2013
CƏMİYYƏT
Medianın ötən ilki hüquqi durumu açıqlandı
Yunis Oğuz: “Məgər jurnalist qanundan yuxarıda fəaliyyət
göstərməlidir və heç bir hüquqi normalarla hesablaşmamalıdır?”
Azərbaycan mediasının ümumi mənzərəsi kifayət qədər mürəkkəbdir. Və bu mürəkkəblik ilk növbədə ölkənin keçməkdə olduğu mürəkkəb siyasi və geopolitik amillərlə izah edilir. Belə bir çoxplanlı durum istər-istəməz müəyyən problemlərlə müşayiət olunur. Yəni jurnalistlər və media qurumları bəzən hansısa maraqlar üzündən subyektivliyə, bir çox hallarda təhriflərə və qərəzli yanaşmalara yol verirlər.
Bununla belə, bu media “Anam mənə kor deyib, gəl-gedənə vur deyib” mərhələsindən də çoxdan qurtulsa da, ara-sıra bu əhvali-ruhiyyənin geri dönməsini də müşahidə edirik.
Media gündəlik işini davam etdirdikcə onun fəaliyyətini müntəzəm şəkildə izləyən digər qurumlar da monitorinqlərini davam etdirirlər. Amma daxili və xarici qurumların təşkil etdiyi bu monitorinqlərin məqsəd və məramı da çox vaxt birmənalı və obyektiv şəkildə olmur. Ölkədə fəaliyyət göstərən qurumlardan biri - Media Hüquq İnstitutu ötən ilin hüquqi yekunlarına həsr etdiyi açıqlamasını ortalığa qoyub. Sözügedən hesabat “Azərbaycanda medianın hüquqi durumu - 2012” adı ilə təqdim edilib.
Hesabatda qeyd olunur ki, 2012-ci ildə jurnalistlər ən azı 60 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, izləməyə, qanunsuz saxlanmalara, texniki əngəlləmələrə məruz qalıblar: “Hüquq mühafizə orqanları basqı olaylarının bir çoxunu araşdırmağa başlayıb, ancaq heç bir halda basqı edənlər məsuliyyətə cəlb olunmayıb. Əvvəlki illərdə jurnalistlərə qarşı yol verilən təzyiq olaylarının araşdırılmasında da hər hansı irəliləyiş olmayıb. 2005-ci ildə öldürülən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, 2011-ci ildə qətlə yetirilən Rafiq Tağının qatilləri də tapılmayıb”.
Sənədə görə, hazırda 7 jurnalist həbsdədir: “Əvəz Zeynallı (“Xural” qəzetinin baş redaktoru), Nicat Əliyev (“Azadxeber.org” saytının baş redaktoru), Hilal Məmmədov (“Tolışi sədo” qəzetinin baş redaktoru), Araz Quliyev (“Xeber44.com” saytının redaktoru) dövlətə xəyanət, rüşvət tələb etmək, xuliqanlıq, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə ittiham olunurlar. Qubadakı “Xəyal” televiziyasının əməkdaşları Vüqar Qonaqov və Zaur Quliyev “Youtube.com” video paylaşma şəbəkəsində yayılan məmur çıxışına görə həbsdədirlər. Jurnalist Fərəməz Novruzoğlu isə “Facebook” sosial şəbəkəsindəki fikirlərinə görə məhkəmə hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”.
Hesabatda bildirilir ki, 2012-ci ildə məmurlar, digər ictimai fiqurlar, özəl qurumlar şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı medianı azı 35 dəfə məhkəməyə veriblər: “Medianın üzərinə 200 min manatdan artıq cərimə yükü qoyulub”.
“Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunis Oğuzun “Unikal”a bildirdiyinə görə, “Fikrimcə, Azərbaycan mediasının 2012-ci ildəki durumu qənaətbəxş olub. Əvvəlki illərlə müqayisədə mətbuatımız xeyli professionallaşıb, jurnalistlərin maddi vəziyyətləri də ölkənin iqtisadi inkişaf göstəricilərinə mütənasib şəkildə tədricən yaxşılaşmağa doğru gedir. Hətta ölkədə gedən prosesləri və bu proseslərin ölkə mediasında təqdim və təhlil edilmə tərzini nəzərdən keçirəndə bu qənaətə gəlməli olursan ki, müxalifət mətbuatı sanki ötən il ərzində 2013-cü ilə hazırlıq görürmüş. Bu hazırlığın da nəticəsi ondan ibarət olub ki, artıq müxalifət mətbuatı əks-tərəfin üzərinə total hücuma başlayıb və fikrimcə, qarşıdan gələn mühüm və həlledici siyasi proseslər müqabilində bu hücum yaxşı heç nə vəd etmir.”
Yunis Oğuzun fikrincə, “Ötən illər ərzində müxtəlif səbəblər və motivlər əsasında məhkum edilmiş jurnalistlərin aqibətini siyasi problemə çevirmək səylərini qəbul etmirəm və hesab edirəm ki, bu sayaq yanaşma siyasi-hüquqi spekulyatizm cəhdlərindən başqa bir şey deyil. Mən bir mətbuat işçisi kimi başa düşə bilmirəm ki, jurnalist mətbu normaları pozub qanun pozuntularına yol verdiyinə görə məsuliyyətə cəlb edilirsə, o hansı əsaslara və prinsiplərə görə müdafiə edilməlidir? Cinayət cinayətdir və bunun başqa adı yoxdur. Məgər jurnalist qanundan yuxarıda fəaliyyət göstərməlidir və heç bir hüquqi normalarla hesablaşmamalıdır?”
Savalan
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00