Xəbər verdiyimiz kimi, mayın 27-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən 6 erməni hərbi qulluqçu mühasirəyə alınaraq saxlanılıb.

Sərhəddə baş verən hadisələri Unikal.org-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın bugünkü təxribatı qeyri-adi hadisə sayılmamalıdır.

“Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən  hadisələr, o cümlədən Kəlbəcər və Gədəbəy istiqamətində və Şuşa şəhərinin ətrafında erməni silahlıları tərəfindən atəşkəsin pozulması bir daha Ermənistanın sülh və  mehriban qonşuluq siyasətində  yaşamağa hazır olmadığını göstərir. Hazırda Kəlbəcər istiqamətində törədilən təxribat artıq Azərbaycanın buna adekvat addım atmasına vadar edir. Düşünürəm ki, bu addımların qarşısını  almaq üçün 44 günlük müharibədə erməni ordusunun darmadağın edən silahlı qüvvələrimiz potensial gücə və vasitələrə malikdir. Hesab etmirəm ki, bu fəaliyyətlər  hansısa bir şəkildə  cavabsız qala bilər. Azərbaycan həm Ermənistan sərhədində, həm də digər təhdid törədilə biləcək ərazilərdə şəxsi heyət və texnika sayını artırmaqla,  bu təxribata əl atan əsgərləri keçən ilin noyabrın 26-da Hadrut istiqamətində  olduğu kimi əsir götürüb və onları Azərbaycanın ədalət məhkəməsi önünə çıxartması üçün əlindən gələni edəcək. Azərbaycan əsgərləri  ərazilərimizə müdaxilə etmək istəyən  və məğlubiyyətləri ilə barışmayan erməni silahlılarını  gərəkən cavabı yaxın günlərdə  və sərt bir şəkildə verəcəkdir".

Azərbaycanda daha 2 Ordu Korpusu yaradıldı

Gülayə Mecid