İranda casusluq və siyasi sistemə qarşı təbliğat ittihamı ilə tutulan Fransa vətəndaşı Benjaman Brierin işi İnqilab Məhkəməsinə göndəriləcək.

Unikal.org xəbər verir ki, bu barədə "France Press" agentliyinə Brierin vəkili Seyid Dekhan bildirib.

"İstintaq başa çatdıqdan sonra prokurorluq ittihamları təsdiqlədi, bundan sonra iş əlavə icraat üçün İnqilab Məhkəməsinə veriləcək",- vəkil qeyd edib.

O vurğulayıb ki, Brier İranın təbiət parkında pilotsuz uçuş aparatı ilə "qadağan olunmuş fotolar" çəkdiyinə görə saxlanılıb. Brierin yaxınları onun İran sərhədini keçərkən tutulduğunu deyirlər. Hazırda onun Məşhəd şəhərindəki həbsxanada saxlanıldığı bildirilir.

Qeyd edək ki, İranda casusluq xüsusilə ağır cinayət sayılır. Casusluq ittihamı irəli sürülən şəxslər ölümlə cəzalandırılır. Siyasi sistemə qarşı təbliğata görə isə, üç aydan bir ilədək həbs cəzası nəzərdə tutulur.