Moskva Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı hazırlanan dost olmayan addımları cavabsız qoymayacaq.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Aİ münasibətlərinə həsr olunan konfransda bildirib.

“Əlbəttə ki, müasir reallıqlar hegemonluq və dominantlıq məntiqi ilə, sanitar dəhlizlər və dəmir pərdələri yenidən yaratmaq cəhdləri ilə uyğunlaşmır. Təkrar edirəm, bilirik ki, Avropada bizim ölkəmizə qarşı ziddiyyətli kursun qeyri-məhsuldar olduğunu anlayanlar az deyil. Ümid edirik ki, sonda sağlam düşüncə qalib gələcək və biz beynəlxalq hüquq prinsiplərinə əsaslanan yeni balanslaşdırılmış münasibətlər modelinin işlənməsinə başlaya biləcəyik. Bir daha qeyd edirəm ki, Rusiya ədalətli əməkdaşlığa, bu cür bərabərliyə daim açıqdır. Bu o demək deyil ki, biz yeni dost olmayan addımları, bizimlə güc mövqeyində danışmaq cəhdlərini, daxili işlərə qarışmağı cavabsız qoyacağıq. Belə addımlar hazırlanır, bu haqda artıq açıq danışılır. Lakin cavab mütləq olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.