"Şadam ki, mənim dəstəyim və strateji tərəfdaşımız olan ABŞ-ın dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi saxlanılmış 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və onlar Gürcüstan ərazisi ilə ailələrinin yanına qayıdıblar".
Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Facebook" hesabında yazıb.
Baş nazir bildirib ki, Gürcüstanın aktiv iştirakı ilə Ermənistan minalanmış ərazilərlə bağlı vacib materialları Azərbaycana təqdim edib.
Qaribaşvili bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daimi əlaqədə olduğunu deyib.
"Strateji tərəfdaşımız olan ABŞ-ın və bizim proseslərdəki nəzərəçarpan iştirakımızla Cənubi Qafqaz regionunun təhlükəsizliyinin inkişafı üçün xüsusi addım atılıb. Qonşu ölkələrin regionda gərginliyini azaldacaq, uzun müddətdə əməkdaşlıq mühiti yaradacaq bu qərarını alqışlayırıq. Biz tərəfdaşlarımıza zəruri olduğu təqdirdə gələcəkdə də humanitar məsələlərin həllində yardım etməyə hazırıq", - deyə Qaribaşvili vurğulayıb.
Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.