Səhiyyə Nazirliyi idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişləri təsdiqləyib.
Unikal.org xəbər verir ki, sənədə əsasən, idman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə (bundan sonra “idman obyektləri”) orada çalışan işçi heyətin ən azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması halında icazə verilir (1 iyul 2021-ci il tarixindən etibarən).
İdman obyektlərində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaş təyin edilir.
İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafə təmin olunmalıdır.
Əməkdaşlar birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə) yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunmalıdır.
İdman avadanlıqları arasında 1,5 metr məsafə təmin olunmalıdır.
İdman zallarında hər istifadəçi üçün minimum 4 kvadrat metr sahə nəzərdə tutulmalıdır.
Məşqçi heyət yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməlidir.
İdman obyektlərində qidalanma COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməlidir.
İdman obyektlərinə yalnız “peyvənd sertifikatı” və ya “immunitet sertifikatı”nın eTabib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim edən istifadəçilərin girişinə icazə verilməlidir.
Yalnız təbii və ya texniki havalandırma sisteminə malik olan idman obyektlərinin fəaliyyətinə icazə verilir.
İdman obyektlərinin girişləri təmassız termometrlərlə təmin edilməli, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirməlidir.
İdman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər yerləşdirilməli, əməkdaşların və istifadəçilər onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməlidir.
İş gününün sonunda və hər məşq prosesindən sonra növbəti istifadəçi və ya qrup daxil olmazdan əvvəl havalandırma həyata keçirilməlidir.
Sanitar-məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması, əl dezinfektantları, sabun, birdəfəlik əl dəsmalları və digər gigiyenik vasitələrlə fasiləsiz təmin olunmalıdırə.
Təmizlik vasitələri və dezinfeksiyaedici maddələr fasiləsiz təmin edilməlidir.
İşçi heyət mütəmadi olaraq maarifləndirilməli, həmçinin, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olmalıdır.
Tullantılar vaxtında kənarlaşdırılmalı, həmçinin, tullantı qabları təmiz saxlanılmalıdır.
İdman obyektlərinin giriş-çıxış zonalarında və digər görünən yerlərdə COVID-19 infeksiyasının profilaktikası ilə bağlı məlumat lövhələri yerləşdirilməlidir.