Prezident İlham Əliyev “Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə” 15 sentyabr 2011-ci il tarixli fərmanında dəyişiklik edib.

Unikal.org xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Gömrük Məcəlləsinin 334-cü maddəsində nəzərdə tutulan, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və həmin Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qurumun hesabına köçürülən məbləğ 200 min manat və yaxud 80% artırılaraq 250 min manatdan 450 min manata çatdırılıb.