"Dünyanın heç bir yerində tənqidi sevmirlər. Hamı tərifi sevir. Məsələn, bir şəxs bilir ki, gözəllikdə meymundan azca fərqlidir, tərif deyirsən ki, səndən gözəli yoxdur, o dəqiqə gözü parıldayır, yerişi dəyişir və özünəinamı artır, inanır buna. Yaxud aşırı rüşvətxor bir məmura desən ki, səndən şəffaf işləyən yoxdur, düz 3 saat özünün şəffaflığı haqqında sənə elə inamla mühazirə oxuyacaq ki, az qalacaqsan cibindən pul çıxarıb verəsən ki, aparıb balalarını dolandırsın".
Unikal.org xəbər verir ki, bu fikirləri "Unikal" qəzetinə müsahibəsində Milli Xalq Cəbhəsi Partiyasının sədri, deputat Razi Nurallayev səsləndirib. O bildirib ki, bizim cəmiyyətimiz bu mənada da ağını çıxarıb:
"İki dəyər inkişaf edərək zirvəyə yüksəlib: layiqsiz tərif və yaltaqlıq. Axı heç kim çörəyi qulağının dibinə yemir. Hər kəs bilir ki, kimə yalandan tərif deyilir və ya kim aşırı dərəcədə yaltaqlanır. Kişi olmaq lazımdır, kişi. Yaltaqlıq mənim üçün iyrənclikdir. Ondan gələn çörək də natəmizdir. Gərək elə danışasan ki, heç kim sənə ikiüzlü damğası vurmasın. O qədər insan səmimi şəkildə deyir ki, Prezident İlham Əliyev qəhrəmandır, bacarıqlıdır, məntiqlidir və çox gözəl diplomatdır. Bunu mən də deyirəm və hər gün də 10 dəfə deyərəm, bu yaltaqlıq deyil, bu həqiqətin təsdiqidir. 44 günə Qarabağı almaq üçün gərək cadugər, yadplanetli, nə bilim “Rembo” olardın. Yadımdadır ki, “Rembo” filminə baxanda yaşlılar deyərdi ki, kaş bundan 10-15 nəfər olardı, gedib Qarabağı azad edərdi. Bəlkə yalan deyirəm? Bunu deyənlər çox idi. Bütün əsgər və zabitlərimiz “Rembo” oldular. İlham Əliyev də onların sırasında rəhbərlik edən “Rembo” oldu. İndi bunu demək ayıb deyil, yaltaqlıq deyil. Bunu kim edə bilərdi? Kiminsə ağlına gələ bilərdi ki, 44 günə işğala son qoya bilərik? Keçək, sualın ikinci hissəsinə. Nəticə göstər, xalqı razı sal, olduğun sahəyə yenilik gətir və problemləri çöz. O zaman tərif də olacaq, mükafat da. Yoxsa, sən oğurla, tala, dağıt, millət vəkilinin başının altına yastıq qoy, heç nə etmə, dövlət orqanını şəxsi firman kimi idarə elə, sonra da de ki, məni niyə tənqid edirsiniz? Nə edək, yaltaqlanaq, əyilək qabağınızda, sınaq? Min bəhanə gətirirlər, bəzən şirin danışırlar, bəzən yola verirlər, bəzən də yalanı yalana calayırlar. Bizdə belədir də, özündən böyüklərin qabağında iki qatlanırlar, əlləri sinəsində dayanırlar, özlərindən aşağıda olanlardan da eyni yanaşmanı tələb edirlər. Dünyanın 5-10 ölkəsində belə şey var".