İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Elgün Səfərov: “Bu gün erkən nikah əsasən Bakı kəndlərində qeydə alınır”
Azərbaycanda erkən nikah problemi bir müddət müsbətə doğru həll olunsa da, son bir ildə yenidən aktuallaşıb. Bu günlərdə Şəkinin Dəhnə kəndində 16 yaşlı qızın 30 yaşlı kişiyə ərə verilməsi köhnə ənənənin yenidən baş qaldırdığını təsdiqləyir.
Bəs görəsən erkən nikahın ölkəmizdə yenidən populyarlaşması səbəbləri nədir?
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov “Unikal” qəzetinə açıqlamasında deyib ki, son illərdə uşaq nikahlarının artımı yoxdur, tendensiya azalmağa doğru gedir. O, bildirir ki, 10 il əvvəl 4500 civarında olan uşaq nikahlarının sayı ötən il 360-a düşüb: “ Son illərdə Azərbaycanda uşaq nikahları 10 dəfəyədək azalıb. Burada əsas gender streotipləri aradan qaldırılmalıdır. Erkən nikahı dünyanın heç bir ölkəsində tam aradan qaldırmaq mümkün olmayıb. Erkən nikahla mübarizə üçün öncə beyinlərdə mübarizə aparılmalıdır. Bu düşüncə insanların beynindən silinməlidir”.
Komitə səlahyyətlisi deyir ki, erkən nikaha məcbur etməyə görə, Azərbaycan qanunvericiliyində cəza tədbirləri var. Onun sözlərinə görə, erkən nikaha cəlb etməyə görə 4 min manat cərimə, azadlıqdan 4 ilədək məhrumetmə cəzası nəzərdə tutulur: “Bu məsələdə valideynlərin məsuliyyəti artırılmalıdır. 2019-cu ildə erkən nikaha məcbur etməyə görə, 1 cinayət məsuliyyətinə cəlb etmə faktı qeydə alınıb. 2020-ci ildə isə bir neçə fakt olub”.
E. Səfərov onu da bildirir ki, bu gün erkən nikah əsasən Bakı kəndlərində qeydə alınır. Regionlardan isə siyahıya Şəki rayonu başçılıq edir: “Ölkə üzrə götürdükdə erkən nikaha görə Bakı kəndləri öndədir. İkinci yeri Şəki zonası, üçüncü yeri Gəncəbasar, dörd-beşinci yerləri isə cənub bölgəsi tutur. Halbuki cənub bölgəsi illər öncə erkən nikaha görə daha öncül yerlərdə qərarlaşırdı. Aparılan maarifləndirmə işləri bu sahədə vəziyyəti yaxşılaşdırıb”.
Komitə səlahiyyətlisi onu da bildirir ki, təkcə erkən nikahlara yox, erkən nikaha qədər mərasimlərə qarşı da maarifləndirmə işləri aparılmalıdır: “Bəzən 16 yaşda nikah yox, “həri” mərasimləri təşkil olunur. Biz bunun da qarşısını almağa çalışırıq. Yəni nikaha qədər mərasimlər də aradan qaldırılmalıdır”.
E. Səfərov deyir ki, orta məktəblərdə də erkən nikahın fəsadları şagirdlərə izah olunmalıdır: “Orta təhsil müəssisələrində çox təəssüf ki, ailə həyatı ilə bağlı dərslər tədris olunmur. Məktəblərdə də erkən nikahın fəsadları izah olunmalıdır” deyə Komitə rəsmisi bildirir.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə isə erkən nikah probleminin yenidən cəmiyyətin bəlasına çevrilməsinin bir sıra səbəblərinin olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, bir müddət aparılan maarifləndirmə işləri sayəsində cəmiyyətdə erkən nikaha daxil olma halları azalmışdı. K. Ağazadənin fikrincə, problemin yenidən baş qaldırmasında əsas amil cəmiyyətdə bu ənənənin yaşadılmasıdır: “ Erkən nikah problemi aradan qalxmayıb. Ona görə də, bacardıqca maarifləndirmə işləri aparılmaqla yanaşı cəza tədbirləri də həyata keçirilməlidir. Çox təəssüf ki, cəmiyyət erkən nikah bəlasından xilas ola bilməyib. Bu gün erkən nikahların azaldığını söyləmək olmaz. Sadəcə olaraq bu faktlar az üzə çıxır. Yaxşı ki, sosial şəbəkələr erkən nikah hallarını ictimailəşdirir. Əks halda bu məsələlərdən insanlar xəbər tutmaz, faktlar gizli saxlanılar. Biz çalışmalıyıq ki, uşaqların erkən nikaha cəlb edilməsində rol oynayan, bunun qarşısını almayan valideynlər də cəzalandırılsın. Cəzasızlıq mühiti olduqca bu hallar təkrarlanacaq. Qanunvericiliyə müəyyən bəndlər əlavə etməliyik ki, sabah erkən nikahı “nişan”, “adqoydu” adlandıranlar məsuliyyətlərinin yarandığından xəbərdar olsunlar. Valideyn bilməlidir ki, etdikləri bu əmələ görə azı 3-4 min manat dəyərində cərimələnəcəklər”.
Ekspert onu da deyir ki, Azərbaycanda icra hakimiyyətləri yanındakı komissiyalar da erkən nikahla bağlı məsələləri araşdırmalı, mütəmadi işlər aparmalıdırlar.
Qeyd edək ki, erkən nikah, nikahdankənar uşaqların doğulması statistikanı da artırır. Ötən ay Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qızın ana olması faktı da bu cür hadisələrin hələ də təkrarlandığını göstərir. İyun ayında hamilə vəziyyətində rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü Səbinə Namiq qızı Hüseynovanın övladı dünyaya gəlib.
İyun ayının 5-də Lənkəran rayonu ərazisində yerləşən istirahət mərkəzlərindən birində 14 yaşlı qızla 36 yaşlı kişinin nişan mərasimi keçirilib. Bu ilin fevralında Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı oğlana nişanlanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Videonun yayılmasından bir müddət sonra cinayət işi açılmışdı.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Konstitusiyasında, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun olduğu əks olunub. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə onu da qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir. Valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir. Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağandır. Konstitusiyamızın yuxarıda qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.
Qeyd edək ki, "Ailə Məcəlləsi"nə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Gülayə Məcid
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.