Boks üzrə Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarında ilk medalını təmin edib.

Unikal.org-un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes yarımfinala yüksələrək mükafatçılar sırasına düşəcəyini rəsmiləşdirib.

Bununla da boks yığmamızın Tokiodan medalsız dönməyəcəyi dəqiqləşib. Avropa Oyunlarının qalibi Olimpiadalardakı medal ənənəsini davam etdirib.

Boksçularımız Sidney-2000-dən başlayaraq ardıcıl 6-cı yarışda medala yiyələnib. Əvvəlki 5 Olimpiadada 8 mükafat sahibi olan idmançılarımız 1 gümüş və 7 bürüncə sevinib.

Sidney-2000-də Vüqar Ələkbərov (75 kq), Afina-2004-də Fuad Aslanovla (51 kq) Ağası Məmmədov (54 kq), Pekin-2008-də Şahin İmranov (57 kq), London-2012-də Teymur Məmmədovla (91 kq) Məhəmmədrəsul Məcidov (+91 kq), Rio-2016-da Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib çıxıb. Lorenzo Sotomayor (64 kq) isə 5 il öncə yeganə gümüşümüzü qazanıb.

Qeyd edək ki, Tokio-2020-də yığmamızın heyətində Cavid Çələbiyev də medal şansını qoruyur. O, iyunun 31-də 1/8 final döyüşünə çıxacaq.