İstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Əlməmməd Nuriyev: “Qarabağ həqiqətləri dünyaya çatdırılmalıdır ki, təcavüzkar dövlət vurduğu ziyanı Azərbaycana ödəsin”

44 günlük savaşdan sonra Qarabağ dirçəliş-bərpa dövrünü yaşayır. İşgaldan azad olunmuş Qarabağda minaların təmizlənməsi ilə paralel olaraq, dağıdılmış ərazilərin bərpası istiqamətində də işlər aparılır. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Bununla paralel olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Ölkəmiz Qarabağın bərpasına lazım olan vəsaiti ayırsa da, dəymiş ziyanın, torpaqlarımızı 28 il işğal altında saxlayaraq xarabalığa çevirən təcavüzkar dövlət tərəfindən ödənilməsi də vacibdir. Ekspertlər də buna nail olmaq üçün Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, dəymiş ziyanın hesablanmasına  xarici təşkilatların cəlb edilməsini vacib hesab edirlər.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, noyabrın 10-u imzalanmış Bəyanat Azərbaycana Ermənistan siyasi-hərbi rəhbərliyinin 1990-cı illərdən bugünədək Azərbaycan ərazisində və azərbaycanlılara qarşı törətdikləri cinayətkar əməllər barədə bütün sənədlər məhkəmə predmetidir: “Ermənistanın siyasi-hərbi rəhbərliyi 1990-cı illərdən başlayaraq, Qarabağ müharibəsinin aktiv fazası olan 1991-93-cü illər ərzində, həmçinin atəşkəs dövründə, 2020-ci ilin sentyabrın 27-dək və bu gündən sonra başlamış hərbi əməliyyatların gedişində Azərbaycanın mülki əhalisi, mülki obyektlərinə qarşı cinayətlər törədib. Onların cinayətləri bununla bitmir. Bütün işğal müddəti ərzində həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı qondarma, separatçı rejim işğal altındakı ərazilərdə təbiətə qarşı soyqırım həyata keçirib, Azərbaycanın təbii ehtiyatlarını, milli-mədəniyyət nümunələrini, tarixi abidələrini məhv ediblər. Ermənistanın döyüş əməliyyatlarına cəlb etdiyi muzdlular, qanunsuz yerləşdirmə barədə də Azərbaycan sənədlər, sübutlar əldə edib və cinayət işi açılıb. Silahlı müdaxilə nəticəsində Azərbaycana dəymiş maddi ziyanın müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Bütün bunlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət materialları toplanıb. Baş Prokurorluq bu barədə dəfələrlə bəyanat verib. Bütün bunlar Ermənistan siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün real faktlar, sübutlardır və hamısı da məhkəmə predmetidir. Bu sənədlər həm Azərbaycan daxilində cinayətkarların mühakimə olunması, həm də beynəlxalq məhkəməyə çəkilmələri üçün yetərlidir. Bütün bu sənədlər beynəlxalq məhkəməyə təhvil verilməli və cinayətkarların cəzalandırılması tələb edilməlidir. Həmçinin Azərbaycana dəymiş ziyanın ödənməsi məsələsi də mütləq qaldırılacaq. Yəni, Ermənistanın siyasi-hərbi rəhbərliyi törətdikləri cinayətlərə görə mütləq mühakimə olunacaqlar. Hesab edirəm ki, bu məsələdə vətəndaşlarımız da aktivlik göstərməlidirlər. Belə ki, Azərbaycan vətəndaşları özləri də fərdi qaydada beynəlxalq məhkəməyə müraciət etməli və Ermənistan dövlətindən kompensasiya tələb etməlidirlər. Çünki insanların beynəlxalq konvensiyalarla təsbit edilmiş hüquqları pozulub. İnsanların həyatına, mülkiyyət hüquqlarına təcavüz edilib. Hətta hesab edirəm ki, Ermənistanın cinayətləri ilə bağlı BMT-də müvafiq tribunal yaradılmalıdır, separatçı rejimin rəhbərləri bəşəriyyətə qarşı törətdikləri cinayətə görə BMT tribunalı qarşısında cavab verməlidirlər”.

Ə. Nuriyev deyir ki, bunun üçün dağıdılmış şəhər və kəndlərin görüntüləri dünyaya yayılmalıdır. Təcavüzkar dövlətin vəhşiliyini dünya görməli, buna hüquqi qiymət verməlidir: “Biz Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda davam etməliyik. Çünki, müharibə başa çatsa da, biz dəymiş ziyanın ödənilməsi üçün həqiqətləri beynəlxalq təşkilatların diqqətinə çatdırmalı, onların Ermənistana təzyiq göstərməsinə nail olmalıyıq”.

Qeyd edək ki, artıq Qarabağın bərpasında bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Lakin hazırda Qarabağın yenidən qurulmasında daha çox Türkiyədən olan şirkətlərin fəaliyyəti gözə dəyir və qardaş ölkənin şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak edirlər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov isə deyir ki, hazırda işğaldan azad olunmuş torpaqların ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində tədbirlər ən qabaqcıl yanaşmalar nəzərə alınmaqla planlı formada aparılır: “Məhz buna görə də artıq beynəlxalq maliyyə qurumlarının və bununla birlikdə, qlobal miqyasda güclü iqtisadi resurslara malik təşkilatların və ölkələrin bu istiqamətdə icra ediləcək layihələrdə iştirak etməyə maraqlı olmaları müxtəlif formalı platformalarda səsləndirilməkdədir. Bununla belə, müvafiq istiqamətdə beynəlxalq təcrübəni də nəzərə alsaq müxtəlif təşəbbüslər realizasiya oluna bilər. Qeyd edim ki, bu istiqamətdə müvafiq təcrübələr ayrı-ayrı dövrlərdə İraq, Suriya, Əfqanıstan, Balkan yarımadasında və digər keçmiş münaqişə zonalarında tətbiq edilmişdir. İlk növbədə, investisiyaların cəlb olunması məqsədi ilə beynəlxalq miqyaslı investisiya forumu keçirilə, hazırlanmış vahid inkişaf konsepsiyaları müvafiq istiqamətdə ixtisaslaşmış qurumlara təqdim oluna bilər. Həmçinin, layihələrə cəlb oluna biləcək istər kommersiya, istərsə də qeyri-hökumət və beynəlxalq təşkilatların siyahısı,  fəaliyyət istiqamətləri, potensial yatırım imkanları, hansı sahələrə hansı təşkilatın cəlb oluna biləcəyi və s. kimi məsələlər detallı təhlil olunmaqla şərti formada desək “maliyyələşdirmə və investisiya xəritələri” hazırlana bilər. Eyni zamanda reinteqrasiya prosesləri ilə bağlı mühüm əhəmiyyət kəsb edən imkanlardan biri də investorların inamının və məlumatlara çıxışının artırılması məqsədi ilə mövcud lokal vəziyyətin qiymətləndirilməsi və nəticələri inikasiya edən şəffaf, rəqəmsal məlumat bazalarının formalaşdırılması ilə bağlıdır. Göründüyü kimi, müvafiq istiqamətdə tədbirlərin görülməsi üçün kifayət qədər geniş imkanlar və metodoloji yanaşmaların tətbiq edilməsi mümkündür. Bu baxımdan onu da qeyd etməliyəm ki, ən qabaqcıl təcrübələr qlokalizasiya edilməklə işğaldan azad olunmuş torpaqların inkişaf və bərpa prosesləri icra ediləcəkdir”.

Gülayə 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.