Böyük Britaniya hökuməti Əfqanıstanla bağlı qərar verib. Belə ki, Böyük Britaniya höküməti krallığa 20 min qaçqının köçürülməsini nəzərdə tutan proqramı razılaşdırdığını açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin DİN başçısı Priti Patelin “Daily Telegraph” saytında məqaləsi dərc olunub.
P.Patel Aİ və digər ölkələri Britaniya nümunəsinə əməl etməyə çağırıb.
Məqalədə bildirilir:
“Əfqanıstan vətəndaşlarının köçürülməsinə dair yeni proqramımız bizə Əfqanıstandan qaçmağa məcbur olan 20 minə qədər insanı qəbul etməyə imkan verəcək. İlk 5 min nəfər il ərzində gələcək.
Böyük Britaniya təkbaşına hərəkət edə bilmir və digər Qərb dövlətləri ilə radikal “Taliban” hərəkatının hakimiyyətə qayıdışından sonra Əfqanıstan əhalisinə yardım etmək zərurətini müzakirə edir".
O, bundan əvvəl Böyük Britaniyanın Suriyadan təxminən 20 min qaçqını qəbul etmək üçün oxşar proqram həyata keçirdiyini də xatırladıb:
“Birləşmiş Krallıq digər ölkələri kömək etməyə çağıraraq əlindən gələni edir. Biz başqaları üçün nümunə olmaq istəyirik, amma bunu tək edə bilmərik.
Böyük Britaniya beynəlxalq qarşılıqlı əlaqəni təmin etmək üçün əhəmiyyətli səylər göstərir. Baş nazir (Böyük Britaniya Baş naziri Boris Conson –red.) Almaniya Kansleri, Fransa Prezidenti, NATO və BMT-nin baş katibləri də daxil olmaqla, tərəfdaşlarımızla söhbət edib. Mən, həmçinin “Five Eyes” kəşfiyyat alyansı üzrə tərəfdaşlarımızla (Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ -red.) köçürülmə və miqrasiya məsələlərini müzakirə etmişəm".