2021-ci ilin ilk altı ayı ərzində Ukraynaya 1 424 471 əcnəbi səfər edib. Bu isə 2020-ci ilin birinci yarısı (2 milyon nəfər) ilə müqayisədə 31%, karantindən əvvəlki 2019-cu ilin analoji dövrü (təxminən 6 milyon nəfər) ilə müqayisədə 75% azdır, lakin 2020-ci ilin ikinci yarısı ilə müqayisədə 9% çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə Ukraynanın Turizm İnkişafı Dövlət Agentliyinin (TİDA) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2021-ci ilin birinci yarısında turist axınındakı artım dinamikası əsasən Səudiyyə Ərəbistanı (40 dəfə), ABŞ (+69,6%), Azərbaycan (+67%), Ermənistan (+100%) və Gürcüstan (+40%) kimi ölkələrdən gələnlərin sayəsində olub.
TİDA Ukraynaya gələn əcnəbilərin 70%-nin avropalılar (2020-ci ilə nisbətən 10% az), 24%-nin Asiya regionu təmsilçiləri (8% çox), 2,8%-nin Şimali Amerikadan, 1,7%-nin isə Afrikadan gələnlər olduğunu açıqlayıb.
Digər tərəfdən, ukraynalıların özləri ilin ilk yarısında ötən illə müqayisədə 15% daha çox xaricə səyahət ediblər. Ümumilikdə 5,7 milyon vətəndaş səfərə çıxıb. Ən populyar istiqamətlər Türkiyə (774 min nəfər) və Misir (705 min nəfər) olub.(report.az)