"Əfqanıstan hakim şura tərəfindən idarə oluna bilər, lakin ölkəyə nəzarət ehtimal ki, "Taliban"ın ali lideri Heybətulla Axundzadənin əlində olacaq".
Unikal.orf "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Taliban" ın yüksək rütbəli sözçüsü Vahidullah Haşimi bildirib.
Onun sözlərinə görə, hələ ki idarəetmə ilə bağlı bir sıra məsələlər həll edilməyib:
"Amma indi də əminliklə deyə bilərik ki, Əfqanıstan demokratik bir dövlət olmayacaq".
Haşimi bildirib ki, yeni güc strukturu "Taliban"ın 1996-cı ildən 2001-ci ilə qədər Əfqanıstanı idarə etdiyi modelə bənzəyəcək:
"Heybətulla Axundzadə çox güman ki, hakimiyyətin ən üst qatında duracaq və onun müavinlərindən biri prezident vəzifəsini icra edəcək.
Ancaq demokratik bir sistem olmayacaq, çünki ölkəmizdə bunun üçün heç bir baza yoxdur. Hətta Əfqanıstanda hansı siyasi sistemi tətbiq edəcəyimizi müzakirə etməyəcəyik, çünki bunun şəriət qanunları olduğu artıq aydındır".
Ağarza Elçinoğlu